Ofis işıqlandırmasında məqsəd sadədir: gözü yormadan, diqqəti saxlayan bərabər işıq. Bunun üçün rəng temperaturu, gözqamaşma və işığın paylanması birlikdə nəzərə alınmalıdır.
Niyə 4000K?
4000K neytral ağdır — nə sarıya, nə də mavi-ağa meyillidir. İş sahələrində standart seçim budur, çünki 3000K məkanı 'axşam' hissi verərək diqqəti azaldır, 6000K isə uzunmüddətli işdə gözü yorur.
Bununla belə, bütün ofis eyni olmamalıdır: qəbul zonası, gözləmə və istirahət sahələrində 3000K məkanı daha qonaqpərvər göstərir.
Gözqamaşma (UGR)
Monitorla işlənən sahələrdə işıq mənbəyi birbaşa görünməməlidir. Anti-glare panel və xətti modellərdə optik difuzor işığı elə paylayır ki, müəyyən bucaqdan baxdıqda parlaq nöqtə görünmür. Bu, gün boyu kompüterlə işləyən komandalarda nəzərəçarpan fərq yaradır.
Panel yoxsa xətti sistem?
- Panel işıqlar — asma tavanlı standart ofislərdə sürətli və sərfəli həll.
- Xətti (linear) sistemlər — açıq planlı və müasir ofislərdə həm işıq, həm dizayn elementi. İş masalarının düzülüşü ilə uzlaşdırıla bilir.
- Spot və downlight — dəhliz, qəbul və köməkçi zonalarda.
Praktik tövsiyələr
- İş sahələrində 4000K, qəbul və istirahətdə 3000K
- Monitorla işlənən yerlərdə anti-glare modellər
- Xətti sistemləri masa düzülüşünə paralel planlaşdırın
- Dəhliz və sanitar qovşaqlarda hərəkət sensoru enerjiyə qənaət verir
- Görüş otaqlarında dimmer nəzərdə tutun




